Gənclərin gələcək əmək bazarına hazırlığı müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Davam Gənclər Hərəkatının nümayəndələri ilə görüş keçirilib.

 

İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri, görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Həyata keçirilən islahatların əsas istiqamətlərindən birinin işsiz və işaxtaran şəxslərin dayanıqlı məşğulluğunun təmini, onların əmək bazarına inteqrasiyası, həmçinin gənclərin müasir əmək bazarına hazırlığının təşkili olduğunu bildirib. Qeyd edib ki, Agentlik tərəfindən gənclərin məşğulluğu daim diqqətdə saxlanılır, dövlət və özəl qurumlarla, o cümlədən gənclər təşkilatları ilə müxtəlif layihə və proqramlar icra olunur.

 

Görüş zamanı hər iki tərəfin əsas fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə danışıqlar aparılıb. Gənclərin gələcək əmək bazarında rəqabətə davamlılığının və məşğulluğunun artırılması, gənc işçi qüvvəsinin formalaşdırılması istiqamətində birgə görülə biləcək layihələr müzakirə edilib.

 

Sonda 2022-ci il ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə “Davamçı” Milli Mükafatı təqdim olunub.