Gəncə Peşə Hazırlığı Mərkəzi daha 41 şəxsi peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə hazırlığı kurslarına start verilib.

 

Belə ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək məqsədi ilə “Dərzi” peşə hazırlığı kursuna start verilib. Gəncə Peşə Hazırlığı Mərkəzi və Şərqi Zəngəzur RMF-in birgə təşəbbüsü ilə reallaşan kursa 6 şəxs cəlb edilib.

 

Qeyd edək ki, Ağalı kənd sakinlərinin daha əvvəl 4 fərqli qrupda peşə hazırlığı kurslarına cəlb olunması həyata keçirilib və bundan əvvəlki qrupları uğurla bitirmiş müdavimlər müvafiq sertifikatlarla təmin edilib. Kursları uğurla bitirmiş 19 müdavimdən 16 nəfərin məşğulunun təmin edilməsinə müvafiq dəstək göstərilib.

 

Qazax-Tovuz Regional Məşğulluq Filialının və Gəncə Peşə Hazırlıq Mərkəzinin təşəbbüsü ilə isə “Venzana” mebel fabrikində işlə təmin olunması nəzərdə tutulan şəxslər üçün peşə hazırlığı kursuna start verilib. Qeyd edək ki, Avqustun 24-də Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” mebel istehsalı müəssisəsinin birgə təşkilatçılığı ilə Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkası keçirilmiş və 288 nəfərin müraciəti qəbul olunmuşdu.

 

İlkin olaraq müsahibədən keçən 35 nəfər 2 aylıq “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” “Mebel ustası”, Təmirçi-çilingər” və “Proqramla idarə olunan dəzgahların operatoru” peşə hazırlıq kurslarına cəlb edilib. Həmin şəxslər həm nəzəri, həm də praktiki olaraq işləri öyrənirlər. Növbəti günlərdə ikinci müsahibəni uğurla keçmiş daha 50 nəfərin də peşə hazırlıq kursuna cəlb olunmaları nəzərdə tutulub.

 

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə peşə hazırlıq kursunda iştirak edən müdavimlərə minimum əmək haqqı miqdarında təqaüd ödənilir.