Əmək yarmarkalarında 61 işəgötürən tərəfindən 714 vakansiya təqdim edilib

İşsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə əmək yarmarkalarının təşkili prosesi davam edir.

 

Budəfəki yarmarkalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı, Quba-Xaçmaz və Abşeron-Xızı Regional Məşğulluq filialları tərəfindən təşkil olunub.

 

Elm və Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyi ilə birgə Binəqədi rayonunda, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarmarkada 20 müəssisə tərəfindən 360 vakansiya təqdim olunub.

 

Digər əmək yarmarkası Xaçmazda baş tutub. Aktiv məşğulluq tədbirində 19 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 232 vakansiya təqdim edilib.

 

Xırdalanda keçirilən yarmarkada isə dövlət və özəl sektordan olan 22 müəssisə iştirak edib, 122 boş iş yeri təqdim olunub.

 

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.