Əmək yarmarkalarında 51 işəgötürən tərəfindən 410 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Qazax-Tovuz, Gəncə-Daşkəsən və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən keçirilən yarmarkalar Şəmkir, Naftalan və Biləsuvarda baş tutub.

 

Ümumilikdə aktiv məşğulluq tədbirlərində 51 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 410 vakansiya təqdim edilib. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, aqrar, səhiyyə, emal, tikinti materiallarının satışı, nəqliyyat və təhsil sahələri üzrə olub.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.