Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığı təmin edilir

“Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin 2023-2024-cü illər üçün hesabat tədbiri keçirilib. Tədbir DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNİCEF Azərbaycanın birgə tərəfdaşlığı ilə baş tutub.

 

DOST Agentliyinin inzibati binasında keçirilən tədbir benefisiarların uğur hekayələri, tərəfdaş və iştirakçıların çıxışları ilə yadda qalıb. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, əlilliyi olan gənclərin məşğulluğunun təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daim diqqətində olan bir məsələdir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin fəal dəstəyi layihənin uğurla nəticələnməsini şərtləndirən əsas amillərdən oldu.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, UNICEF Azərbaycanın nümayəndəsi Saca Faruq Abdullahu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbəs müdiri Nərmin Məmmədova Sadıxlı, Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin şöbəsinin rəisi Xəyalə Fətullayeva və digər şəxslər çıxış edərək layihənin önəmindən, qazanılan uğurlardan danışıblar.

 

Daha sonra layihə iştirakçılarından olan Bakı Dövlət Universitetinin məzunu Ceyran Qədirova, Bakı Ali Neft Məktəbinin məzunları Həsən Qədimov və Baxış Musazadə uğur hekayələrini bölüşüblər.

 

Sonda proqramı uğurla başa vurmuş 42 iştirakçıya sertifikatlar və kitab hədiyyələri təqdim olunub.

 

Qeyd edək ki, layihənin benefisiarları sağlamlıq imkanları məhdud və əlilliyi olan gənclərdir. 2023-cü ilin oktyabr ayından icrasına başlanan layihə UNICEF-in Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və UNICEF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən həyata keçirilib.

 

Məqsəd gənclərin sosial-emosional, rəqəmsal və iş həyatına keçidi üçün zəruri bacarıqlarının inkişafı, uğurlu şəxslərin təcrübə və iş imkanlarından yararlanması və məşğulluq imkanlarının artırılması, eləcə də dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin qurulması və əlilliklə bağlı mənfi davranış və strereotiplərin dəyişdirilməsidir.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz