Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduDOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi çərçivəsində həyata keçirilən Tələbələrin Akselerasiya Proqramı uğurla davam edir.
Proqram çərçivəsində dövlət və özəl müəssisələrlə qurulan əməkdaşlıqlar sayəsində gənclərin təlim, təcrübə və məşğulluq imkanlarından yararlanmasına şərait yaradılır.
Proqramın benefisiarlarından biri SOCAR-da 3 aylıq təcrübə proqramından sonra “SOCAR Downstream” MMC-də İnsan resursları departamentinin Biznes tərəfdaşlıq bölməsində kiçik mütəxəssis vəzifəsinə qəbul edilib. Daha bir gənc isə “PAŞA Technology” MMC-də Müqavilələrin idarə edilməsi və hüquq departamentində işə başlayıb.
Proqramın benefisiarları arasında fərdi təşəbbüsləri ilə əmək fəaliyyətinə başlayan gənclər də var. Onlardan biri Quba Olimpiya İdman Kompleksi tərəfindən mühasib köməkçisi, digəri isə “Edu Distance” təhsil müəssisəsi tərəfindən Alman dili təhsili şöbəsinin rəhbəri vəzifəsinə qəbul olunub.
Proqramın tərəfdaşı olan Milli Paralimpiya Komitəsi idmana maraq göstərən bir benefisiarı taekvondo üzrə məşqlərə cəlb edib.
Həmçinin tərəfdaş “STEP IT Academy” tərəfindən növbəti iki benefisiar Qrafik dizayn üzrə təlimləri uğurla başa vuraraq diplomla təltif olunub, daha üç benefisiar isə 2025–2026-cı tədris ili üçün İT üzrə tədris proqramlarına qəbul olunub.
Eyni zamanda, proqram çərçivəsində yaradılmış şəbəkənin 44 üzvü arasından seçilmiş iştirakçılarla məşvərət qrupları formalaşdırılıb. Bu qrupların iştirakı ilə keçirilən ilk görüşdə gözdən əlilliyi olan şəxslərin müasir avadanlıqlardan maneəsiz istifadəsi, inklüziv təhsil və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ehtiyaclar müzakirə edilib.
2023-cü ildən icra olunan Tələbələrin Akselerasiya Proqramının məqsədi əlilliyi olan gənclərin əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi, məşğulluq imkanlarının və bacarıqlarının artırılması, müvafiq təcrübə imkanlarının yaradılması, əlilliklə bağlı cəmiyyətdə mövcud olan mənfi davranış və stereotiplərin dəyişdirilməsidir