Ağdamda “Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu. Görülmüş işlər və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam rayonunda “Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu. Görülmüş işlər və çağırışlar” mövuzunda dəyirmi masa keçirilib.

 

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.

 

Tədbir iştirakçıları Ağdam Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsini anıblar.

 

E.Hüseynov 44 günlük Vətən müharibəsindən sonra ölkə başçısının rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun düşməndən azad etdiyi torpaqlarda bərqa quruculuq işlərinin aparıldığını, bu ərazilərdə 11 müxtəlif sahə üzrə işçi qrupların fəaliyyət göstərdiyini vurğulayıb.

 

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əhalinin işğaldan azad edilmiş ərazilərə dayanıqlı qayıdışı istiqamətində kompleks işlərin görüldüyü, Qarabağ istiqadi rayonunda da bu prosesin surətlə davam etdiyi diqqətə çatdırılıb.

 

A.Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə genişmiqyaslı sosial dəstək tədbirləri barədə məlumat verib.

 

Nazir müavini doğma yurdlarına qayıdan şəxslərlə mütəmadi görüşlərin keçirildiyini, onların məşğulluq imkanlarının qiymətləndirilərək müvafiq dəstək tədbirləri ilə təmin edildiyini diqqətə çatdırıb. Həmçinin bu ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə əməkdaşlıq edildiyini, onların işçi qüvvəsinə olan tələbatının ödənilməsinin başlıca vəzifələrdən biri olduğunu qeyd edib.

 

Sonra Nazirlik tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlərə dair təqdimat edilib. Bildirilib ki, artıq Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndi, Laçın və Füzulidə öz dogma yurdlarına qayıdan vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində əsaslı işlər görülüb. Onlardan bir qismi uyğun vakasiyalar üzrə işlə təmin edilib, digərləri özünüməşğulluq proqramına, yeni peşələrə yiyələnmələri üçün işəgötürənlərlə birgə peşə hazırlığı kurslarına cəlb edilib.

 

Tədbir əhalinin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə bağlı əldə olunmuş təcrübə və gələcək hədəflər mövzusunda təqdimatla davam edib.

 

Sonda dayanıqlı məskunlaşma üçün məşğulluğun artırılması istiqamətində təkliflər müzakirə edilib.