Dünya ölkələrinin məşğulluq xidmətlərinin nümayəndələri beynəlxalq konfransda öz təcrübələrini bölüşür

Türkiyənin Antalya şəhərində Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” adlı konfrans öz işinə başlayıb.

 

Konfransda 41 ölkədən, habelə Beynəlxalq Əmək Təşkilatı (BƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) nümayəndələr iştirak edir. Tədbirdə Türkiyə İŞKUR-un Baş direktoru Samet Güneş konfransın əhəmiyyətini,  iki gün davam edəcək tədbirdə dünya ölkələri üçün vacib çağırışlardan biri olan gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində birgə həllərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, əsas məqsəd təhsilsiz, işsiz və ya təlimsiz gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif ölkələrdə bu sahə üzrə mövcud olan təcrübələrin mübadiləsidir.

 

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli  qardaş ölkələr olan Azərbaycan və Türkiyənin  bütün sahələrdə uğurlu əməkdaşlığını, həmçinin əmək və sosial müdafiə, məşğulluq sahəsində səmərəli əməkdaşlıq təcrübəsini vurğulayıb.

 

O, Agentliyin fəaliyyəti barədə məlumat verib, qurumun fəaliyyətində müasir yanaşmalara, rəqəmsallaşmaya böyük önəm verildiyini qeyd edib. Dekabrın 14-də “WAPES World of PES” seminarlar silsiləsi çərçivəsində Agentliyin onlayn təqdimatının keçiriləcəyini deyib, iştirakçıları tədbirə qatılmağa və Agentlik haqqında daha çox məlumat əldə etməyə dəvət edib.

 

BƏT-in Türkiyə Ofisinin direktoru Yaser Əhməd Həsən, WAPES-in prezidenti Noureddin Benxalil və Avropa üzrə vitse-prezidenti Florens Dumontiyer, Avropa Məşğulluq Xidmətləri Şəbəkəsinin rəhbəri Karoline Mansel çıxış ediblər.

 

Bildirilib ki, konfrans gənclərin məşğulluğunun təminatı ilə bağlı fəal təcrübə mübadilələrinin aparılmasına  mühüm töhfə verəcək.

 

Tədbir panellər üzrə müzakirələrlə davam etdirilib. İki gün davam edəcək konfransın növbəti günündə Agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.