Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Təhsil–təlim–məşğulluq–sənaye: şəbəkələşmə görüşü” keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Təhsil–təlim–məşğulluq–sənaye: şəbəkələşmə görüşü” keçirilib.
 

Tədbirin əsas məqsədi karyera ekosisteminin əsas tərəflərini bir araya gətirərək əmək bazarının çağırışlarına uyğun birgə həllərin formalaşdırılmasına, təhsil–məşğulluq–sənaye əməkdaşlığının gücləndirilməsinə və karyera inkişafı istiqamətində uğurlu təcrübələrin paylaşılmasına töhfə verməkdir.
 

Açılış nitqində Agenliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması yalnız bütün tərəflərin sıx əməkdaşlığı ilə mümkündür. Onun sözlərinə görə, təhsil müəssisələri, işəgötürənlər, karyera xidmətləri və dövlət qurumları arasında qurulan dayanıqlı tərəfdaşlıq gənclərin əmək bazarına uğurlu inteqrasiyasında mühüm rol oynayır. “Bu gün bir araya gəlməyimizin məqsədi də əmək bazarının çağırışlarına uyğun ortaq yanaşmalar formalaşdırmaq, təcrübə mübadiləsini genişləndirmək və gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratmaqdır”,- deyə Agentlik sədri qeyd edib.
 

Təhsil, insan kapitalının inkişafı və beynəlxalq sertifikatlaşdırma üzrə ekspert Emin Ağayev də, öz növbəsində, müasir dövrdə insan kapitalının keyfiyyətinin artırılmasının aktual çağırışlardan biri olduğunu bildirib. O, vətəndaşların, xüsusilə də gənclərin əmək bazarına hazırlanması və nəzəri biliklərin praktikaya rahatlıqla adaptasiya edilə bilməsi üçün əmək bazarı ekosisteminin tərəfdaşları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.


Tədbirdə dövlət və özəl sektorun insan resursları üzrə rəhbər şəxsləri və mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin karyera mərkəzlərinin rəhbərləri, karyera planlaması və peşəyönümü sahəsində fəaliyyət göstərən müəllimlər, həmçinin sənaye və istehsalat müəssisələrinin nümayəndələri iştirak ediblər.
 

Tədbir çərçivəsində “Praktik bacarıqların inkişafı: nəzəri təlimdən tətbiqyönümlü hazırlığa keçid” mövzusunda panel müzakirəsi də təşkil olunub. Paneldə məşğulluq, ali təhsil, insan resursları və sənaye sektorlarının nümayəndələri insan kapitalının inkişafında tərəfdaşlığın rolu, əmək bazarının gözləntiləri və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
 

Həmçinin, iştirakçıların interaktivliyini təmin etmək məqsədilə intellektual komanda oyunu, eləcə də, “Karyera həlləri vörkşopu” və təcrübə mübadiləsi sessiyaları keçirilib. Vörkşop zamanı iştirakçılar tələbələrin motivasiyasının artırılması, universitet–şirkət əməkdaşlığı modelləri, insan resursları üzrə mütəxəssislərin universitetlərdən gözləntiləri və süni intellektin karyera xidmətlərinə təsiri kimi mövzular üzrə qrup şəklində praktiki həllər hazırlayıblar.
 

Tədbirin yekunu kimi karyera planlaması və peşəyönümü sahəsində uğurlu təcrübələr, iştirakçılar tərəfindən irəli sürülən təkliflər və sağlam tərəfdaşlığa töhfə verən tövsiyələr qruplaşdırılaraq karyera inkişafı ekosisteminin əsas tərəfdaşları arasında paylaşılması nəzərdə tutulur.