Dövlət Məşğulluq Agentliyinin sədri “World HR Summit 2026” tədbirində çıxış edib

Hasil Abbasov: “Dövlət Məşğulluq Agentliyi dəyişən əmək bazarı ilə insan potensialı arasında etibarlı körpü qurmaq məqsədilə fəaliyyətini müasir çağırışlara uyğun şəkildə inkişaf etdirir”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Bakıda keçirilmiş “World HR Summit 2026” tədbirində çıxış edib.


Sədr çıxışında bildirib ki, müasir dövrdə qlobal əmək bazarı süni intellektin inkişafı, rəqəmsallaşma, yaşıl keçid və demoqrafik dəyişikliklərin təsiri ilə ciddi transformasiya mərhələsindən keçir. Onun sözlərinə görə, əsas məsələ bu dəyişikliklər fonunda daha dayanıqlı, çevik və inklüziv əmək bazarının formalaşdırılmasıdır. “Gələcəyin uğurlu modeli insan və texnologiyanın rəqabəti deyil, əməkdaşlığı üzərində qurulacaq. Çünki bacarıqlı, çevik və yaradıcı insan kapitalı gələcəyin ən böyük sərvəti olaraq qalacaq”, - deyə Sədr vurğulayıb.


H.Abbasov qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan kapitalının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb.


Sədr bildirib ki, Dövlət Məşğulluq Agentliyi dəyişən əmək bazarı ilə insan potensialı arasında etibarlı körpü qurmaq məqsədilə fəaliyyətini müasir çağırışlara uyğun şəkildə inkişaf etdirir. Rəqəmsal həllərin tətbiqi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, peşə hazırlığı, özünüməşğulluq proqramı və işəgötürənlərlə tərəfdaşlıq mexanizmləri əsas prioritetlər sırasındadır. Həmçinin, gənclərin məşğulluğu, qadınların iqtisadi fəallığı, regionlarda imkanların genişləndirilməsi və əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası vacib istiqamətlər kimi qalmaqdadır.
H.Abbasov dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb. Bildirib ki, məhz bu üçtərəfli tərəfdaşlıq modeli gələcəyin əmək bazarının effektiv idarə olunmasının əsas şərtidir.


Qeyd edək ki, tədbirə 50 ölkə və 5 qitədən 500 nəfərdən çox iştirakçı – insan resursları üzrə tanınmış liderlər, şirkət rəhbərləri, sahibkarlar, dövlət rəsmiləri və yüksək səviyyəli peşəkarlar - qatılıb.