Dövlət Məşğulluq Agentliyinin daha bir elektron sistemi fəaliyyətə başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi elektron xidmətlərin tətbiqini genişləndirir. Agentlik tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi də elektronlaşdırılıb.

 

Fərdi məşğulluq proqramı işsizin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir.  

 

Yeni e-sistem vasitəsilə  işsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeyd keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir. İşsiz şəxs mesaj vasitəsilə göndərilən link-ə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər.  

 

Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə  məlumat verilir. Proqramdan imtina etdikdə isə "Məşğulluq haqqında" Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırda ölkə üzrə əmək münasibətləri və məşğulluq altsistemi, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, elektron əmək birjası və elektron əmək yarmarkası, monitorinq və səyyar yoxlama sistemi, ictimai işlər portalı (works.gov.az) da hazırlanır.

 

Fərdi məşğulluq proqramı ilə bağlı təlimata bu keçid vasitəsilə baxa bilərsiniz:

 

https://www.youtube.com/watch?v=lsxR2Ff9-dI