Dövlət Məşğulluq Agentliyində Dünya Bankının missiyası ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan “Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının icraya nəzarət missiyasının nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov uğurla icra edilən Layihənin özünüməşğulluq proqramının genişləndirilməsində, həmçinin həssas qrupdan olan insanların, habelə işğaldan azad edilmiş ərazilərə köçmüş şəxslərin kiçik ailə bizneslərinə sahib olmalarında mühüm önəm kəsb etdiyini bildirib. Agentlik sədri layihənin bəzi benefisiarların artıq işəgötürənə çevrildiyini qeyd edib.

 

Dünya Bankının sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova və missiyanın üzvləri “Məşğulluğa Dəstək Layihəsi”nin icrası ilə bağlı uğurlu təcrübənin olduğunu, işğaldan azad edilmiş ərazilərin sakinlərinin də kiçik biznesə çıxış imkanlarına yiyələnməsində bu Layihənin əhəmiyyətini vurğulayıblar. Budəfəki səfər çərçivəsində Laçın, Şuşa və Füzulidə benefisiarlarla görüşlər keçirdiklərini və onların layihə üzrə verilmiş avadanlıqlardan səmərəli şəkildə istifadə etdiklərinin şahidi olduqlarını bildiriblər.

 

Görüşdə layihənin 2026-2029-cu illəri əhatə edən ikinci mərhələsində 30 min benefisiarı əhatə etməsinin nəzərdə tutulduğu qeyd olunub. Bildirilib ki, “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əmlaklarla təmin edilərək öz bizneslərini qurmuş benefisiarlara işlərini genişləndirmələri və təkmilləşdirmələri üçün həyata keçirilən “Həvəsləndirmə mükafatları” müsabiqəsində artıq 10 nəfər qalib elan olunub və onlara əlavə avadanlıqlar verilib. Yaxın müddətdə daha 100 nəfərə bu çərçivədə əlavə avadanlıqların verilməsi nəzərdə tutulub.

 

Görüşdə, həmçinin layihənin icra planı, görülmüş işlər, eləcə də növbəti dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər müzakirə edilib, missiya üzvlərinin qaldırdıqları suallar cavablandırılıb.

 

Qeyd edək ki, layihənin birinci mərhələsinə 22 min benefisiarın cəlb edilməsi nəzərdə tutulsa da, icra prosesinin uğurlu nəticəsi kimi bundan daha çox - 26 min nəfərdən artıq şəxs bu layihə ilə əhatə olunub.