Dövlət Məşğulluq Agentliyində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib.

 

Görüşdə həssas kateqoriyaya aid miqrantların, eləcə də readmissiya və repatriasiya olunmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların dayanıqlı məşğulluğunun təmin edilməsi, əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu istiqamətdə birgə fəaliyyət imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O bildirib ki, həssas əhali qruplarının əmək bazarına inteqrasiyası Agentliyin prioritet fəaliyyət istiqamətlərindən biridir. Qurum əmək miqrasiyası, həssas kateqoriyadan olan miqrantların məşğulluğunun dəstəklənməsi, peşə bacarıqlarının artırılması və əmək bazarına reinteqrasiyası istiqamətlərində BMqT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığa xüsusi önəm verir.

 

BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Anar İskəndərov təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat verərək, həssas kateqoriyaya aid şəxslərin sosial və iqtisadi reinteqrasiyasının təmin edilməsində məşğulluq tədbirlərinin mühüm rolunu vurğulayıb. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın daha da genişləndirilməsinin faydalı nəticələr verəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi imkanlarına fikir mübadiləsi aparılıb.