Dövlət Məşğulluq Agentliyi WAPES vebinarında ölkə təqdimatı ilə çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) üzvü qismində ilk dəfə beynəlxalq vebinarda ölkə təqdimatı ilə çıxış edib. Təqdimat Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov tərəfindən həyata keçirilib.
 

Tədbirdə WAPES-ə üzv ölkələrin Dövlət Məşğulluq Xidmətlərini təmsil edən 80-dən çox nümayəndə iştirak edib. Vebinarın əsas məqsədi üzv ölkələr arasında təcrübə mübadiləsini təşviq etmək, əmək bazarındakı çağırışlara cavab vermək üçün innovativ həlləri müzakirə etmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək olub.
 

Çıxışı zamanı Hasil Abbasov Azərbaycanın zəngin tarixi və mədəni irsi, eləcə də Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti barədə danışıb. Agentliyin funksional istiqamətləri – aktiv məşğulluq tədbirləri, peşə hazırlığı və peşəyönümü məsləhət xidmətləri, birgə maliyyələşmə mexanizmi, özünüməşğulluq proqramı və digər sosial layihələr barədə geniş məlumat verilib.
 

Sədr müavini çıxışında Agentliyin rəqəmsal layihələrini xüsusi vurğulayıb. “Əmək və məşğulluq” altsistemi (ƏMAS), “Məzunların məşğulluq reytinqi” platforması, eləcə də yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni rəqəmsal təşəbbüslər barədə iştirakçılara məlumat təqdim edilib.
 

Bu tədbir Dövlət Məşğulluq Agentliyinə öz fəaliyyətini beynəlxalq müstəvidə tanıtmaq, qarşılıqlı əməkdaşlıq əlaqələrini genişləndirmək və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanı yaradıb.
 

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə 2025–2028-ci illər üçün üzv seçilib.