Dövlət Məşğulluq Agentliyi və İspaniya Məşğulluq Xidməti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İspaniya Krallığının Məşğulluq Xidmətinin nümayəndələri arasında onlayn görüş olub.

 

Görüşdə hər iki qurumun nümayəndələri öz strukturları və məşğulluq sahəsində görülən işlər barədə məlumat veriblər.

 

Bildirilib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı, özünüməşğulluq proqramı, karyera məsləhəti xidməti, birgə maliyyələşmə kimi aktiv məşğulluq tədbirləri icra olunur və artıq iki ilə yaxındır ki, işsiz şəxslərə münasibətdə yeni konsepsiyanın tətbiqinə başlanılıb.

 

Həmçinin qeyd edilib ki, İspaniyanın Məşğulluq Xidməti məşğulluq siyasətinin həyata keçirilməsi, işlə təmin olunma xidmətlərinin göstərilməsi və işçi qüvvəsinin inkişafına dəstək verən milli qurumdur. Xidmətin nümayəndələri görüşdə regional məşğulluq proqramları və vətəndaşlara dəstək təşəbbüsləri haqqında ətraflı məlumat veriblər.

 

Görüşdə iki qurum arasında əməkdaşlıq imkanları, təcrübə mübadiləsinin aparılması kimi mövzularda razılıq əldə edilib.