Dövlət Məşğulluq Agentliyi və “Birbank” gənclər üçün yeni proqrama başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Birbank”ın birgə əməkdaşlığı çərçivəsində bank sektorunda karyera qurmaq istəyən gənclər üçün "Birbank Branch Talent Program" adlı 6 aylıq inkişaf proqramına başlanır.

 

Proqramın məqsədi bankın filiallarında xidmət göstərəcək peşəkar kadrlar hazırlamaq, onların bilik və bacarıqlarının inkişafına dəstək verməkdir.

 

İnkişaf proqramı çərçivəsində seçilmiş iştirakçılar satış və müştəri xidməti sahələri üzrə nəzəri təlimlərə cəlb olunacaq, real iş mühitində təcrübə qazanacaq, həmçinin bankın peşəkar əməkdaşları tərəfindən keçirilən xüsusi təlimlərdə iştirak edəcəklər.

 

Proqramda ali təhsilli, bank sektorunda inkişaf etməyə maraq göstərən, öyrənməyə açıq, güclü ünsiyyət və komanda ilə işləmək bacarıqlarına, eləcə də satış və müştəriyönümlü düşüncə tərzinə malik namizədlər iştirak edə bilərlər.

 

Proqramı uğurla başa vuran iştirakçıların işlə təminatına dəstək göstərilməklə yanaşı, onlar “Birbank”ın kadr ehtiyatları bazasına daxil ediləcək və gələcək vakansiyalar üzrə qiymətləndiriləcəklər. Bu isə proqram iştirakçılarının bank sektorunda məşğulluq imkanlarının genişlənməsinə əlavə töhfə verəcək.

 

Müraciət üçün link: https://careers.bir.az/vacancies/7877