Dövlət Məşğulluq Agentliyi peşə hazırlığına insan kapitalına yönəlmiş sosial-iqtisadi investisiya aləti kimi baxır

                                                                       Agentlik sədri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda
                                                                                           7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda çıxış edib



“Dövlət Məşğulluq Agentliyi əmək bazarının tələblərinə uyğun bacarıqlı insan kapitalının formalaşdırılması üçün sistemli tədbirlər həyata keçirir. Agentlik təhsilə qoyulan hər bir investisiyanı gələcək nəsillərin rifahına yönəlmiş strateji sərmayə kimi qiymətləndirir”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilmiş 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
 

S.Əliyev bildirib ki, Agentlik peşə hazırlığına insan kapitalına yönəlmiş sosial-iqtisadi investisiya aləti kimi baxır: “Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Dövlət Məşğulluq Agentliyi özəl və dövlət  təlim müəssisələri ilə birgə maksimum müddəti 6 ay olan peşə hazırlığı kursları təşkil edir. Bu kurslar müasir əmək bazarının tələblərinə cavab verən 175 peşə və ixtisas üzrə həyata keçirilir". 
 

Sədr işğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən peşə hazırlığı kurslarının təşkili üçün tətbiq olunan xüsusi güzəştlər və təşviq mexanizmləri, həmçinin ixtisaslaşmış təlim müəssisələrinin həmin ərazilərə cəlb edilməsi məqsədilə görülən işlər barədə də məlumat verib.

 

“Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələri ilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlər təşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün geniş istifadəyə imkan yaradır. Çünki bu regionda infrastrukturun bərpası ilə yanaşı, insan kapitalının bərpası da prioritet istiqamətlərdəndir”-, deyə S.Əliyev əlavə edib.

 

Daha sonra tədbir iştirakçılarına Agentliyin Mərkəzi Karyera Filialının fəaliyyəti, həyata keçirilən layihələr, forumlar, sammitlər və karyera festivalları barədə məlumat verilib.

 

Bildirilib ki, bu tədbirlərdə gənclər öz potensiallarını və maraqlarını tanımaq, həmçinin əmək bazarının tələblərinə uyğun ixtisas və bacarıqlar öyrənmək imkanı əldə edirlər. Bu da gənclərin, tələbələrin və işaxtaran şəxslərin peşə, bacarıq və karyera planlaması sahəsində bilik və bacarıqlarına sərmayə qoyulması deməkdir.

Qeyd edək ki, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutub.