Dövlət Məşğulluq Agentliyi növbəti “PeşəFest” layihəsinə başlayır

Festivala sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il növbəti “PeşəFest” layihəsi həyata keçiriləcək.

 

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçiriləcək “PeşəFest 2026”nın əsas məqsədi bölgələrdə yaşayan şagird, tələbə və valideynləri, eləcə də işaxtaran və işsiz şəxsləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, peşəyönümü xidmətlərinin təşviqi və peşə seçiminə marağı gücləndirməkdir.

 

Festival çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 12 tədbirin keçirilməsi planlaşdırılır. Layihəyə sentyabrın 18-də Sumqayıt şəhərində start veriləcək. “PeşəFest”in keçiriləcəyi şəhər və rayonlar aşağıdakılardır:

 

  • Sumqayıt – 18 sentyabr 2026
  • Quba – 22 sentyabr 2026
  • Gəncə – 25 sentyabr 2026
  • Bərdə – 28 sentyabr 2026
  • Qazax – 30 sentyabr 2026
  • Masallı – 2 oktyabr 2026
  • Mingəçevir – 5 oktyabr 2026
  • Qax – 7 oktyabr 2026
  • Naxçıvan – 9 oktyabr 2026
  • Ordubad – 13 oktyabr 2026
  • Saatlı – 15 oktyabr 2026
  • Bakı – 22 oktyabr 2026

 

“PeşəFest 2026” çərçivəsində əmək bazarında aktual hesab edilən 11 peşə və ixtisas istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunacaq. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (Ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner(sayt, tətbiq dizayneri)  istiqamətləridir.

 

Festival iştirakçıları qeyd olunan peşələrə yiyələnmək yolları, tələb olunan bilik və bacarıqlar, təhsil və karyera imkanları barədə məlumat əldə edəcək, müxtəlif sahələr üzrə mütəxəssislərlə ünsiyyət qurmaq və onları maraqlandıran suallara cavab almaq imkanı qazanacaqlar.

 

Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi, xüsusilə şagirdləri, tələbələri, onların valideynlərini eləcə də işaxtaran və işsiz şəxsləri, “PeşəFest 2026”da fəal iştiraka dəvət edirik.