Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyinin (KƏŞMA) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DMA İdarə Heyətinin sədr müavinləri Hasil Abbasov, Ramal Quluzadə, Nihad Muxtarlı və müvafiq departamentlərin rəhbərləri, həmçinin KƏŞMA-nın Peşə bacarıqları inkişafı bürosunun direktoru Ms.Han-younkyoung, Rəqəmsal Təlim Mərkəzinin rəhbəri Ms.Hwang-eunbok və digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, icra etdiyi aktiv məşğulluq tədbirləri, peşə hazırlığı və karyera məsləhəti xidməti, sağlamlıq imkanları məhdud şəxslərin əmək bazarına cəlb edilməsi istiqamətində icra olunan məşğulluq və dəstək tədbirləri barədə koreyalı qonaqlara təqdimat edilib. Koreya tərəfi də, öz növbəsində, KƏŞMA-nın fəaliyyət istiqamətləri barədə məlumat verib.
Həmçinin, tərəflər arasında mövcud əməkdaşlıq sahələri və bu əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əmək bazarına cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb.
Səfər çərçivəsində koreyalı nümayəndə heyəti Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialına da baş çəkib. Burada qonaqlar vətəndaşların qəbul prosesi ilə əyani şəkildə tanış olublar, vətəndaşlara təqdim olunan xidmətlər barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, Koreyanın Əlilliyi olan Şəxslər üzrə Məşğulluq Agentliyi sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığı, işlə təminatı, onlar üçün zəruri iş şəraitinin yaradılması, iş yerində fərdi yardım xidmətləri və karyera məsləhəti istiqamətlərində fəaliyyət göstərir.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz