Dövlət Məşğulluq Agentliyi bu il də İSO 37001 beynəlxalq standartının tətbiqini davam etdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə əsasən İsveçrənin nüfuzlu “Swiss Approval” qurumu tərəfindən keçirilən auditlər uğurla yekunlaşıb.

 

Agentliyin nümayəndələri və ISO 37001 üzrə beynəlxalq ekspertlərin iştirakı ilə auditin yekunlarına dair keçirilən görüşdə Agentliyin əsas dəyərlərindən birinin şəffaflığın təmin edilməsi olduğu və ISO standartlarının tətbiqinin Agentliyin bu istiqamətdə işinin daha da yaxşılaşdırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyi vurğulanıb.

 

Qeyd edək ki, hələ 21.11.2022-ci il tarixində İsveçrənin nüfuzlu “Swiss Approval” qurumu tərəfindən Dövlət Məşğulluq Agentliyində korrupsiya hüquqpozmalarının qarşısının alınması, fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması, korrupsiya ilə bağlı hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin müəyyən edilməsi istiqamətləri üzrə auditlər keçirilib və Agentliyə “İSO 37001:2016” beynəlxalq sertifikatı təqdim edilib. 20.11.2023-cü il tarixində “Swiss Approval” tərəfindən birinci nəzarət auditi müvəffəqiyyətlə həyata keçirilib, ilkin audit zamanı irəli sürülən tələblərin Agentlik tərəfindən icra olunduğu müəyyən edilib. Bunun nəticəsi olaraq İSO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq sertifikatının müddəti uzadılıb.