“Alo Karyera” dəstək xidmətindən məmnunluq səviyyəsi 98,3%-dir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “Alo Karyera” dəstək xidmətinə istifadəyə verildiyi 5 ay ərzində 780 nəfər müraciət edib. Peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün həyata keçirilən layihə çərçivəsində müraciət edən şəxslərlə 1434 konsultasiya keçirilib.

 

Təşkil olunan konsultasiyalar əsasən karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri ilə tanışlıq və CV hazırlanması üçün dəstək göstərilməsi kimi mövzuları əhatə edib.

 

Göstərilən xidmətin keyfiyyətinin dəyərləndirilməsi məqsədilə xidmətdən istifadə edən vətəndaşlara könüllü sorğu anketi göndərilib və dəyərləndirmədə iştirak edən 628 nəfərin rəyinə əsasən xidmət keyfiyyəti 98,3% olaraq qiymətləndirilib.

 

Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir. Xidmətdən yararlanmaq üçün vətəndaşlar https://www.dma.gov.az/layiheler/alo-karyera linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.