“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda məlumatlandırma tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmələr Siyəzən və Xızı rayonlarında keçirilib. 

 

İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirak etdiyi görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Görüşün sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

 

Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək öz kiçik bizneslərini yaradıb.