“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində daha iki rayonda ictimai dinləmələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmələr Neftçala və Salyan rayonlarında keçirilib. 

 

Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə baş tutan tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.

 

Görüşlərdə, həmçinin BMT İnkişaf Proqramının həyata keçirdiyi “Sahibkarlıq və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin Neftçala və Salyan rayonları üzrə qadın resurs mərkəzlərinin üzvləri də iştirak edib.

 

Qadınlarla bağlı icra olunan sosial layihələrin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

 

Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” üzrə 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub. Layihəyə bu günədək 7,5 mindən çox işsiz şəxs cəlb edilib ki, onlardan da artıq 5,4 min şəxsə aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik biznesləri yaradılıb.