“Caspian Energy Club” Dövlət Məşğulluq Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə növbəti forum təşkil edib

“Caspian Energy Club” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə növbəti B2G forumu keçirib.

 

Neft və qeyri-neft sektoru üzrə dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva fəxri qonaq qismində iştirak ediblər.

 

İştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, aktiv məşğulluq proqramları və bu proqramların genişləndirilməsi, habelə əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində qurum tərəfindən aparılan işlər barədə məlumat verilib. Məşğulluq tədbirlərinin icrasında Agentliyin işəgötürənlərlə fəal əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd edilib.

 

Həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatlar, bu sahədə elektron həllərin geniş tətbiqi ilə  bağlı atılan addımlar, “Əmək və Məşğulluq” altsisteminin əmək bazar iştirakçıları üçün üstünlükləri diqqətə çatdırılıb.

 

Sual-cavab sessiyasında sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

 

Tədbirdə Nazirliyin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin sektor müdiri Nicat Rəhmanlı tərəfindən Dünya Bankının B-READY hesabatının “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib.

 

Daha sonra Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev M.Abbasbəyliyə klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkür edib.

 

Sonda isə Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları verilib.