Bu həftə keçirilmiş yarmarkalarda 93 işəgötürən tərəfindən 571 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Masallı və Göyçay rayonlarında əmək yarmarkaları təşkil edilib.
 

Agentliyin Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Mərkəzi Aran regional məşğulluq filiallarının təşkil etdiyi tədbirlərdə 93 işəgötürən tərəfindən 571 vakansiya təqdim olunub.
 

Bakı şəhərində keçirilən yarmarka Bakı Slavyan Universiteti ilə birgə təşkil olunaraq universitetin tələbə və məzunlarını əhatə edib.
 

Yarmarkalar zamanı iştirakçılara təqdim olunan vakansiyalar üzrə tələblər, iş şəraiti və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Tədbirlərdə Agentliyin müvafiq qurumları da iştirak edib. Belə ki, Bakı və Sumqayıt şəhərlərində təşkil olunmuş yarmarkalarda Bakı Peşə Hazırlığı Mərkəzi, Göyçay rayonunda keçirilmiş yarmarkada isə Göyçay Peşə Hazırlığı Mərkəzi öz stendləri ilə təmsil olunub. Həmçinin Bakıda Mərkəzi Karyera filialının karyera məsləhətçiləri yarmarka iştirakçılarına karyera imkanları və xidmətlər barədə məlumat veriblər.