Bu həftə keçirilmiş yarmarkalarda 57 işəgötürən 282 vakansiya təqdim edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba rayonu, eləcə də Gəncə və Sumqayıt şəhərlərində əmək yarmarkaları keçirilib.
 

Yarmarkalarda dövlət və özəl sektoru təmsil edən ümumilikdə 57 işəgötürən 282 vakansiya təqdim edib.
 

Gəncə şəhərində keçirilmiş tədbir Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə təşkil olunub və peşə təhsili məzunlarını əhatə edib. Yarmarkada 15 ixtisas üzrə peşə təhsili məzunları master-klasslar vasitəsilə peşə bacarıqlarını nümayiş etdirib, hazırladıqları əl işlərini sərgiləyiblər.
 

Aktiv məşğulluq tədbirlərində vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Sumqayıtda, Gəncə Peşə Hazırlığı Mərkəzi isə Gəncədə təşkil olunmuş yarmarkalarda öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.