Bu həftə keçirilmiş əmək yarmarkalarında 900-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Bakı, Sumqayıt şəhərləri, Şamaxı, Tərtər, Saatlı və Astara rayonlarında əmək yarmarkaları təşkil edilib.

 

Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Qarabağ, Mil-Muğan və Lənkəran-Astara Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 131 işəgötürən tərəfindən ümumilikdə 909 vakansiya təqdim edilib. Müraciət edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.
 

Agentliyin tabeliyində fəaliyyət göstərən Peşə Hazırlığı Mərkəzləri və Mərkəzi Karyera Filialı da yarmarkalarda öz stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.  

 

Əlavə olaraq, Bakıda təşkil olunmuş əmək yarmarkasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Şamaxıda təşkil olunmuş yarmarkada isə Mərkəzin İsmayıllı “DOST Evi” filialı da iştirak edib. Tədbir iştirakçılarına filialın fəaliyyəti, həssas əhali qruplarına göstərilən dəstək, yaradılmış şərait, həmçinin onların yaradıcılıq potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, əl işləri sərgilənib.