Bu həftə keçirilmiş əmək yarmarkalarında 400-ə yaxın vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün bu həftə Ağdam rayonu və Gəncə şəhərində əmək yarmarkaları təşkil edilib.


Qarabağ və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində 44 işəgötürən tərəfindən ümumilikdə 400-ə yaxın vakansiya təqdim edilib.

 

Vakansiyalara müraciət edən şəxslərə işə qəbul tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.


Gəncə şəhərində keçirilmiş yarmarkada Agentliyin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi, Ağdamda keçirilmiş yarmarkada isə Qarabağ Peşə Hazırlığı Mərkəzi öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzlərin fəaliyyəti, həyata keçirilən peşə hazırlığı kursları və müraciət qaydaları barədə məlumat verilib.

 
Bundan başqa, yarmarkalarda işsiz və işaxtaran şəxslərə Agentliyin fəaliyyəti barədə də məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.