Bu həftə keçirilmiş əmək yarmarkalarında 360 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu həftə Xızı, İmişli, İsmayıllı rayonları və Naftalan şəhərində əmək yarmarkaları keçirilib.  

 

Aktiv məşğulluq tədbirlərində 61 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 360 vakansiya təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər, işə qəbul qaydaları barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. 

 

Agentliyin tabeliyində Qarabağ Peşə Hazırlığı Mərkəzi İmişlidə, Gəncə Peşə Hazırlığı Mərkəzi isə Naftalan şəhərində keçirilmiş yarmarkada öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları və müraciət qaydaları barədə məlumat verilib.  

       

Əlavə olaraq, İsmayıllıda təşkil olunmuş əmək yarmarkasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı da iştirak edib. Tədbir iştirakçılarına filialın fəaliyyəti, həssas əhali qruplarına göstərilən dəstək, yaradılmış şərait, həmçinin onların yaradıcılıq potensialının inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, əl işləri sərgilənib.