Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda və Samuxda işəgötürənlərlə növbəti görüşlər keçirilib.
Agentliyin Bakı Regional Məşğulluq filialında 2023-cü il ərzində Filial ilə sıx əməkdaşlıq edən müəssisələrin nümayəndələri ilə keçirilən görüşdə onlara cari ilin yekunları ilə bağlı məlumat verilib. Əhalinin məşğulluğunun təminatı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, bununla onların sosial rifahının artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib. Bununla bağlı aparılan dövlət siyasətinə korporativ sosial məsuliyyət prinsipini rəhbər tutaraq yaxından dəstək olan müəssisə nümayəndələrinə Filial tərəfindən təşəkkürnamələr təqdim olunub.
Agentliyin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən isə Samux rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. KOBİA Gəncə-Qazax regional koordinatorluğu və Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsi ilə birgə təşkil edilən tədbirdə sahibkarlara adıçəkilən dövlət qurumları tərəfindən təqdim olunan imkanlar haqqında məlumatlar verilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri haqqında geniş təqdimat edilib, bununla bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı qeyri-formal məşğulluq halları ilə bağlı məsələ xüsusi diqqət mərkəzində olub, əmək müqaviləsi bağlanarkən diqqət yetirilməli məqamlar və işçilərin hüquqları haqqında işəgötürənlərə geniş məlumat verilib.