Bakı və Yevlaxda keçirilmiş əmək yarmarkalarında 270-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakı şəhəri və Yevlax rayonunda növbəti əmək yarmarkaları keçirilib.

Agentliyin tabeliyində Bakı Regional Məşğulluq filialının və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş əmək yarmarkasında 16 işəgötürən iştirak edib və 200-dən çox vakansiya təqdim olunub.        

Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən Yevlaxda keçirilmiş yarmarkada isə 17 işəgötürən tərəfindən 70-dən çox vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər və işə qəbul qaydaları barədə məlumat verilib, həmçinin uyğun namizədlərin qeydiyyatı aparılıb.                    

Bakıda keçirilmiş əmək yarmarkasında Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə təmsil olunub. İşsiz və işaxtaran şəxslərə Mərkəzin fəaliyyəti, peşə hazırlığı kursları və müraciət qaydaları barədə məlumat verilib.