Bakı Regional Məşğulluq filialı III rübdə 112 işəgötürəni məşğulluq xidmətləri barədə məlumatlandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən cari ilin üçüncü rübü ərzində tərəfdaşlarla iş uğurla davam etdirilib.

 

Belə ki, Filial tərəfindən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, ərazi məşğulluq proqramından irəli gələn məsələlərin icrası, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasıyası məqsədilə Bakı regionu üzrə fəaliyyət göstərən 112 işəgötürənlə görüşlər təşkil olunub.

 

Görüşlərdə işəgötürənlərə əmək münasibətlərində əlçatanlığın, operativliyin və keyfiyyətli xidmətin təmin olunması istiqamətində dəstək mexanizmlərini əhatə edən proqram və layihələr barədə ətraflı məlumat verilib, Agentliyin fəaliyyət istiqamətlərini əks etdirən təqdimatlar edilib.

 

Qeyd olunan dövr ərzində, həmçinin 50 dən çox müəssisənin iştirakı ilə 6 əmək yarmarkası təşkil olunub, 140-dan çox uyğun namizədin CV-ləri qəbul edilib, 1934 yeni və boş iş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil edilib, 70-dən çox vətəndaşa isə peşəyönümü məsləhətlər verilib.

 

Ümumilikdə cari ilin ötən dövrü ərzində 49 müəssisə 149 sosial iş yeri üzrə əməkhaqqının maliyyələşdirilməsi proqramından yararlanıb, 3239 yeni və boş iş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil edilib, 158 vətəndaş işlə təmin olunub, 8 əmək yarmarkası təşkil edilib.