Bakı Peşə Hazırlığı Mərkəzində gözəllik salonlarında yoluxucu xəstəliklərin qarşısının alınmasına dair təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üzrə təlimlər” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil olunub.
 

Təlimin əsas məqsədi gözəllik xidmətləri göstərilən məkanlarda xroniki virus hepatitləri, insanın immunçatışmazlığı virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılma risklərinin azaldılması və bu istiqamətdə peşə sahiblərinin maarifləndirilməsidir.
 

“Gözəl ol və sağlam qal!” devizi altında keçirilən təlimdə Mərkəzdə “bərbər-vizajist-manikürçü” peşəsi üzrə hazırlıq kursuna cəlb olunmuş müdavimlər iştirak ediblər. İştirakçılara xroniki virus hepatitləri və İİV/QİÇS infeksiyaları, onların ötürülmə yolları, qorunma üsulları və profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bundan başqa, gözəllik salonlarında istifadə olunan, dərini zədələmə riski daşıyan alətlərin dezinfeksiya və sterilizasiya qaydaları xüsusi olaraq izah olunub. Təlim çərçivəsində profilaktika ilə bağlı maarifləndirici animasiya çarxları da nümayiş etdirilib.
 

Eyni zamanda, iştirakçılara vərəm xəstəliyinin əsas aspektləri, hava-damcı yolu ilə ötürülən infeksiyalardan qorunma yolları, gözəllik xidmətləri göstərilən obyektlərdə mütəmadi havalandırma, açıq səthlərin dezinfeksiyası, qoruyucu vasitələrdən düzgün istifadə qaydaları və işçilərin tibbi müayinələrə cəlb edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib.
 

Təlimin sonunda müdavimlərə maarifləndirici bukletlər, kitabçalar və iştirak sertifikatları təqdim olunub.