Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏdalətli keçid üçün yaşıl işçi qüvvəsinin gələcək
inkişafı məsələləri müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Ədalətli keçid üçün sənayedə yaşıl işçi qüvvəsinin gələcək inkişafının formalaşdırılması: imkanlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev mövzunun vacibliyini vurğulayaraq yaşıl iqtisadiyyata ədalətli keçidin məşğulluğa təsiri, işçi qüvvəsinin yeni bacarıqlarla təmin olunması və əmək bazarına inteqrasiyası kimi məsələlərə toxunub.
Bildirilib ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildən etibarən alternativ və bərpa olunan enerji sahələri üzrə peşə hazırlığı kursları təşkil olunur. İndiyədək bu kurslara 138 nəfər cəlb edilib.
Daha sonra müxtəlif qurumların nümayəndələri "Yaşıl enerji sektorunun hazırkı vəziyyəti və məşğulluğa təsiri", "Yaşıl işlər üçün iqtisadi proqnoz və əmək bazarı trendləri", "Yaşıl bacarıqların inkişafı: Təhsildə tərəqqi və gələcək perspektivlər", "Gələcək işçi qüvvəsinin formalaşdırılması: SOCAR-da yaşıl bacarıqlara effektiv keçid" kimi mövzularda təqdimatlarla çıxış ediblər.
Vurğulanıb ki, tədbir dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları və təlim mərkəzləri arasında əməkdaşlıq üçün mühüm platforma rolunu oynayaraq, yaşıl işlərin və yaşıl bacarıqların inkişafına töhfə verəcək.
Tədbir BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsinin bir hissəsidir.