Azərbaycanda yaşıl enerji layihələri üçün peşəkar kadrlar hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevlə görüş keçirilib. 


Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli aktiv məşğulluq proqramlarının genişləndirilməsi məqsədilə görülən işlərdən, məşğulluq sahəsində son illər innovativ həllərin geniş tətbiqi əsasında aparılan islahatlardan söz açıb. Peşə təhsili sahəsindəki yeniliklərdən bəhs edən Agentlik sədri müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması istiqamətində müxtəlif layihələrin icra edildiyini deyib. 


Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev ölkəmizdə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinin əhalinin məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb. V.Əliyev qeyd edib ki, dünyanın hər yerində getdikcə artan yaşıl enerji layihələrinin Azərbaycanda da icrası işsiz və işaxtaran vətəndaşlarımızın müasir əmək bazarına hazırlıqlı olmasını şərtləndirir. Fəxri konsul əmək bazarının dəyişən tələbləri qarşısında işəgötürənlərin Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığının peşəkar kadrların hazırlanmasında effektiv olacağına əminliyini ifadə edib. 

 

Mustafa Abbasbəyli əmək bazarının tələblərinə uyğun kadr hazırlığı sahəsində Agentlik tərəfindən lazımi addımların atıldığını, Peşə Hazırlığı Mərkəzlərində yaşıl enerji layihələri üzrə mütəxəssislərin hazırlanması üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.


Sonda gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.