Azərbaycan vətəndaşları üçün Almaniyada iş imkanları müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Almaniyanın “Schuhmacher International Personalvermittlung” (Şumaxer Beynəlxalq İşədüzəltmə Şirkəti) şirkətinin nümayəndələri ilə görüş keçirilib.
 

Görüşdə məşğulluq sahəsində əməkdaşlıq perspektivləri və bu istiqamətdə məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə olunub.
 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov şirkət nümayəndələrinə Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və məşğulluğun təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin Azərbaycan vətəndaşlarının xarici ölkələrin əmək bazarlarına çıxış imkanlarının etibarlı şəkildə genişləndirilməsinin Agentlik üçün prioritet olduğunu vurğulayıb.
 

“Schuhmacher International Personalvermittlung” şirkətinin rəhbəri İrina Şumaxer şirkətin fəaliyyəti barədə məlumat verib və ölkəsində Azərbaycanın əmək bazarına etibarlı yanaşma mövcud olduğunu bildirib. Almaniyalı qonaq rəhbərlik etdiyi şirkətin, Azərbaycan vətəndaşlarının Almaniyada məşğulluğunun təmin olunması istiqamətində lazımi addımları atmağa hazır olduğunu vurğulayıb.
 

Görüşdə əməkdaşlığın gələcək perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.