Azərbaycan Texniki Universitetində keçirilən əmək yarmarkasında 800-dən artıq vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, AzTU-nun rektoru Vilayət Vəliyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak edib.

 

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu tip tədbirlər məzunların və tələbələrin əmək bazarına daxil olması, öz karyeralarını qurması üçün böyük əhəmiyyət daşıyır. Rektor AzTU-nun öz  məzunlarının karyera imkanlarının genişləndirilməsinə daim diqqətlə yanaşdığını və bunun üçün müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq etdiyini bildirib.

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında əhalinin məşğulluğunun təmin edilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, işəgötürənlərlə işaxtaranlar arasında bu cür görüşlərin təşkilinin əmək bazarının inkişafına xidmət etdiyini bildirib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər ölkəmizdə məşğulluq sahəsində aparılan yenilik və islahatlardan danışıb. Bildirib ki, dünyada və ölkəmizdə əmək bazarının tələbləri mütəmadi olaraq dəyişir, yeni çağırışlar formalaşır. Bu isə işaxtaranlardan daim öz üzərində çalışmalarını və yeni əmək vərdişləri qazanmalarıını tələb edir. Əmək bazarının tələblərinə uyğunlaşmada təhsil müəssisələrinin əhəmiyyətinə də toxunan Mustafa Abbasbəyli AzTU-nun bu baxımdan fərqlənən təhsil ocaqlarından biri olduğunu vurğulayıb. 

 

Qeyd edək ki, yarmarkada 95 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 800-dən artıq boş iş yeri və təcrübə proqramları təqdim edilib. Yarmarka iştirakçılarına Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə də məlumat verilib.