Azərbaycan Texniki Universitetində “İxtisas Bələdçisi” Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Texniki Universitetində “İxtisas Bələdçisi” Forumu baş tutub.

 

Forumda müxtəlif məktəblərin 7–11-ci siniflərində təhsil alan 220-dən çox şagird iştirak edib. Tədbirin məqsədi şagirdlərə ixtisas seçiminin əhəmiyyətini izah etmək, əmək bazarının mövcud tələbləri və gələcək perspektivlər barədə onları məlumatlandırmaq olub.

 

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev və Universitetin nümayəndəsi Eyvaz Məmmədli əmək bazarının çağırışları, düzgün ixtisas seçiminin gənclərin karyerasında rolu barədə danışıblar. Onlar forumu şagirdlər üçün karyera məsləhəti və ixtisas seçimi baxımından faydalı platforma kimi qiymətləndiriblər.

 

Forum panel müzakirələrlə davam edib. Spikerlər ixtisas seçiminin gələcək karyeraya təsiri, əmək bazarının dəyişən tələbləri, tələbələr üçün zəruri bacarıqlar, gənclərin ən çox buraxdığı səhvlər və müasir trendlərin rolu barədə fikirlərini bölüşüblər.

 

Şagirdlərə maraq və bacarıqlarını daha yaxşı kəşf etmək, qərarvermə prosesində düzgün yanaşma formalaşdırmaq üçün tövsiyələr verilib. Həmçinin onların ünvanladıqları suallar cavablandırılıb.