Azərbaycan İdman Akademiyasında növbəti dəfə əmək yarmarkası təşkil edilib

Aktiv məşğulluq tədbirində 49 işəgötürən tərəfindən

543 vakansiya və 63 təcrübə proqramı təqdim edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil edilib.

 

Akademiyanın məzunları üçün təşkil edilən yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə, Akademiyanın rektoru Fuad Hacıyev, işəgötürənlər, müxtəlif idman federasiyaları, ASA ilə əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələri, tələbə və məzunlar iştirak edib.

 

Tədbirin açılış mərasimində çıxış edən ASA-nın rektoru Fuad Hacıyev yarmarkanın əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər tələbə və məzunların karyera imkanlarını genişləndirmək, ixtisaslarına uyğun işlə təmin olunmasında mühüm rol oynayır.

 

Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, bu kimi yarmarkalar ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Tədbir iştirakçıları təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar.

 

Əmək yarmarkasında ümumilikdə 49 işəgötürən tərəfindən 543 vakansiya və 63 təcrübə proqramı təqdim edilib. Müraciət edən şəxslərə bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

 

Bununla yanaşı, tədbirə qatılan şəxslərə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri və layihələr haqqında da məlumat təqdim olunub. Eyni zamanda, Agentliyin karyera məsləhətçiləri tərəfindən iştirakçılara fərdi qaydada karyera məsləhət xidmətləri göstərilib.

 

Tədbir çərçivəsində ASA-nın məzunu və müəllimi Zahid Nadirlinin rəhbərliyi ilə “Alpman” taekvondo klubunun idmançıları maraqlı idman nümayişləri ilə çıxış ediblər.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz