Astara, Lerik və Lənkəranda kənd qonaq evləri yaradılıb

Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində kənd qonaq evləri lazımi avadanlıqlarla təmin edilib

 

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsi çərçivəsində Astara, Lerik və Lənkəran rayonlarında kənd sakinlərinə məxsus 17 ev kənd qonaq evi kimi fəaliyyətə başlayıb. Qonaq evlərindən 6-sı Astara, 8-i Lerik və 3-ü Lənkəran rayonunda yerləşir. Layihə çərçivəsində kənd qonaq evləri Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlarla təmin edilib.

 

17 kənd sakini biznes və turizmlə bağlı, o cümlədən biznes planın yazılması, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti, satış, qonaq qarşılama üsulları, təmizlik və gigiyenanın təşkili, qonaq evlərində təhlükəsizlik qaydaları, qidalanmanın təşkili, sosial medianın idarəedilməsi mövzularında təlimlərə cəlb olunub. Eyni zamanda onlara biznesin idarə edilməsi və turizm üzrə məsləhət, biznesin inkişafı ilə bağlı mentorluq xidmətləri göstərilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi regionlarda sahibkarlığın təşviq olunması, özünüməşğulluğun təmin edilməsi, kənd turizminə dəstək və sakinlərin rifahının yaxşılaşdırılmasıdır.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerikdə kənd qonaq evlərinin fəaliyyəti ilə tanış olub.

 

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafi” layihəsinə 2021-ci ildə start verilib və ilk olaraq İsmayıllı rayonunda 15 kənd qonaq evi yaradılaraq müvafiq avadanlıqlarla təmin edilib. 2022-ci ildə isə layihənin ikinci mərhələsi üzrə müxtəlif rayonlardan olan 220-dən çox kənd sakini qeydiyyatdan keçib və onların arasından meyarlara uyğun olanlar seçilib.