Aqrar sahə mütəxəssislərinin sertifikatlaşdırılması İşsizlikdən Sığorta Fondunun hesabına maliyyələşdirilə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasına üzv şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

 

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl işəgötürənlərlə əməkdaşlığı gücləndirmək, işsiz və işaxtaran şəxslərin bu sahədə məşğulluğunun təmin olunmasına dəstək mexanizmlərinin müzakirə olunduğu görüşdə işəgötürənləri maraqlandıran suallar da cavablandırılıb.

 

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli görüşün əhəmiyyətindən danışaraq yeni yanaşma əsasında işəgötürənlərlə sıx əməkdaşlıq edildiyini bildirib, iri holdinqlərin kadr ehtiyaclarının ödənilməsində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın faydalılığından bəhs edib. Qeyd edib ki, adambaşına maliyyələşmə prinsipi ilə ixtisaslı kadr hazırlığı həyata keçirilməklə yeni kadrlara ehtiyacı olan işəgötürənlərə bu istiqamətdə dəstək göstərilir.

 

Kənd təsərrüfatı sahəsində peşəkar kadrların hazırlanması və onların sertifikatlaşdırılmasına diqqət çəkən M.Abbasbəyli prosesin İşsizlikdən Sığorta Fondunun maliyyəsi hesabına həyata keçirilə biləcəyini vurğulayıb.

 

Agentlik sədri hər il yüzlərlə şəxsin kənd təsərrüfatı istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb edildiyini, bu vətəndaşlarla iri işəgötürənlər arasında əməkdaşlığın qurulmasının prioritet məsələlərdən biri olduğunu bildirib.

 

Daha sonra rəqəmsal məşğulluq layihələri barədə məlumat verilib, əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin əhəmiyyəti qeyd olunub, mövsümi və daimi işlərin bir yerdə toplanacağı e-əmək birjasının hazırlandığı diqqətə çatdırılıb.