Antalyada keçirilən beynəlxalq konfransın ikinci günündə də müxtəlif mövzular üzrə müzakirələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR), habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilən “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” konfransı bu gün də davam edib.

 

Tədbirin ikinci günündə “İnsan dəstəyi xidmətləri, sağlamlıq, məşğulluq, yayım və işə hazırlıq”, “Davamlılığı qur”, “NEET-lər-qlobal çağırış. Qlobal cənub ölkələri üzrə xüsusi maneələr və qlobal şimal üzrə yenilikci həllər” və “Dövlət Məşğulluq Xidmətləri və NEET-lər üçün gələcəyi necə dizayn etmək olar?” mövzularında panel müzakirələr keçirilib.

 

Agentliyin Peşə hazırlığı departamentinin müdiri Mehriban Rəsulova “NEET-lər üçün peşə təhsilinin səmərəliliyini necə artırmaq olar?”, Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərov “NEET-lərlə işin səmərəliliyini artırmaq üçün karyera məşqçilərinin potensialını necə artırmaq olar?” mövzusunda çıxışlar ediblər.

 

Tədbir iştirakçıları konfransın işini və müzakirə olunan məsələləri yüksək qiymətləndiriblər.

 

Bu gün başa çatan konfrans təhsilsiz, işsiz və ya təlimsiz gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif ölkələrdə bu sahə üzrə mövcud olan təcrübələrin mübadiləsi məqsədi daşıyıb. 

 

Tədbirdə 41 ölkədən, habelə Beynəlxalq Əmək Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından  nümayəndələr iştirak edib.