Aktiv məşğulluq tədbirləri sahəsində Çexiya ilə əməkdaşlıq həyata keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Çex Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyi yanında Əmək İdarəsi arasında əməkdaşlıq istiqamətlərinə dair "Fəaliyyət Planı" imzalanıb.

 

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Çex Respublikasının Əmək İdarəsinin Baş Direktoru vəzifəsini icra edən, Əmək və Sosial Məsələlər nazirinin müavini Karel Trpkoş imzalayıblar.

 

Görüşdə M.Abbasbəyli Azərbaycanla Çexiya arasında ikitərəfli əlaqələrdən bəhs edib, sosial sahədə  əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, son illər məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. "Əmək və Məşğulluq" altsisteminin “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib elan edildiyi qeyd edib.

 

K.Trpkoş rəhbərlik etdiyi qurumun əmək bazarının idarə olunması, məşğulluq xidmətlərinin və sosial təminat proqramlarının idarə edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirdiyini qeyd edib, Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib.

 

Fəaliyyət Planına əsasən iki qurum arasında 2023-cü ildə sosial cəhətdən həssas qrupdan olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, gənclər arasında işsizliyin qarşısının alınması, peşə hazırlığı, peşəyönümü və digər aktiv məşğulluq istiqamətləri üzrə təcrübə mübadilələri həyata keçiriləcək.

 

Bundan başqa əməkdaşlıq çərçivəsində cari ilin sentyabr ayında İnklüziv və layiqli iş yerlərinin dəstəklənməsi fəaliyyəti üzrə həyata keçirilən tədbirlər barədə növbəti onlayn görüşün keçirilməsi nəzərdə tutulub.