Agentliyin sədr müavini konfransda məşğulluq tədbirləri barədə məlumat verib

 “İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfrans keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində “İqlimə davamlı təcrübələr, dayanıqlı kənd təsərrüfatı və su idarəçiliyi sahəsində qadın və gənclərin rolu” mövzusunda konfransda iştirak edib.

 

Digər dövlət qurumları, assosiasiyalar və beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərin iştirak etdiyi tədbirdə Ü.Abasquliyev ölkədə həyata keçirilən məşğulluq tədbirlərində qadınlar və gənclərə verilən imtiyazlardan danışıb. Bildirib ki, gənclər və qadınlar sosial müdafiəyə xüsusi ehtiyacı olan kateqoriya hesab edildiyindən məşğulluq tədbirlərinin icrasında üstün hüquqlara malikdirlər. Sədr müavini qeyd edib ki, Agentlik tərəfindən həyata keçirilən layihələr, o cümlədən, özünüməşğulluq proqramında gənclər və qadınlara dəstək göstərilməsi daim diqqət mərkəzində saxlanılır.

 

Konfransda “İqlim əsaslı kənd təsərrüfatı sahəsində qadın və gənclərin rolunun artırılması siyasəti”, “Su və torpaq idarəçiliyi” və “Daha yaxşı dünya üçün ağıllı fermer – Dayanıqlı kənd təsərrüfatı” mövzusunda panellər təşkil edilib.  Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.