Agentliyin rəhbər şəxsləri bayram ərəfəsində şəhid ailələri ilə görüşüblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə, Elşən Mahmudov, Ülvi Abasquliyev və Eşqin Bayramov Ramazan və Novruz bayramları ərəfəsində şəhid Savalan Qafarov, Naib Namətov, İman Məhərrəmov və Vüsal Rüstəmovun ailələrini ziyarət ediblər.

 

Görüş zamanı şəhidlərin keçdikləri şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, hər bir şəhid ailəsi ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilir, onların məşğulluq məsələlərinin həllinə kömək göstərilir.

 

Şəhid Savalan Qafarovun atası İsfəndiyar Qafarov və şəhid Vüsal Rüstəmovun atası Valeh Rüstəmov “Avtotəmizləmə xidmətləri”, şəhid İman Məhərrəmovun həyat yoldaşı Nəcibə Məhərrəmova “Poliqrafiya xidmətləri”, şəhid Naib Namətovun anası Ellada Məcnunova “Qadın gözəllik salonu” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin olunublar.

 

Qeyd edək ki, Nəcibə Məhərrəmovanın qızının həyat yoldaşı Mahmud Əhmədov da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

 

Ailələrin sosial vəziyyəti bundan sonra da diqqətdə saxlanacaq.