Agentliyin nümayəndəsi İspaniyada beynəlxalq seminarda iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlar və layihələr departamentinin müdiri Səbuhi Qənbərzadə İspaniyanın Barselona şəhərində Avropa Təlim Fondunun (ATF) və Avropa Qonşuluq və Avropa Komissiyasının Genişlənməsi üzrə Baş Direktorluğu tərəfindən təşkil olunan “Aktiv Əmək Bazarı Siyasətində Gender və İnklüzivlik” seminarında iştirak edib.

 

Ümumilikdə 23 ölkənin Dövlət Məşğulluq Agentlikləri, Əmək, Sosial Müdafiə Nazirlikləri, beynəlxalq maliyyə institutları, Avropa Əməkdaşlıq Agentlikləri və Hökümətlərarası Təşkilatlardan nümayəndələrin qatıldığı tədbirdə əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası və məşğulluğa cəlb olunması istiqamətində atılan addımlar və aktiv məşğulluq tədbirləri ilə bağlı təcrübə mübadiləsi aparılıb, bu kateqoriyada olan şəxslərin əmək bazarına cəlbində yaşanan əsas çətinliklər, çətinliklər və təcrübələr əsasında ATF-nin növbəti il üçün hazırlayacağı fəaliyyət planı, əmək bazarında gender balansının qurulması məqsədilə atılan addımlar və təcrübələr müzakirə edilib.

 

Seminarın keçirilməsində məqsəd əmək bazarı ilə bağlı ümumi müzakirələrin aparılması, müxtəlif regionlardan və qurumlardan olan şəxslərlə innovativ təcrübəyə əsaslanan geniş bilik bazasının yaradılmasıdır.