Agentliyin nümayəndələri peşə hazırlığının təşkilində Sloveniya təcrübəsi ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Sloveniya Respublikasının Lyublyana şəhərində səfərdə olub.  

 

Səfər Agentlik ilə Sloveniya Respublikasının Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidməti arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində baş tutub.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov və Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov Xidmət tərəfindən həssas qruplar üçün keçirilən aktiv məşğulluq tədbirləri, gənclərin məşğulluğu, peşə hazırlığının təşkili mexanizmləri ilə tanış olublar.

 

Bundan başqa, Sloveniya Respublikasının Məşğulluq Xidmətinin əməkdaşları ilə keçirilən müzakirələr zamanı aktiv məşğulluq tədbirlərinin icrası, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri və innovativ peşə hazırlığı yanaşmaları barədə fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində Karyera Mərkəzi, Peşə Hazırlığı Mərkəzi və Xidmətin sosial tərəfdaşları ilə tanışlıq görüşləri keçirilib, müzakirələr aparılıb.

 

Görüşlərin yekununda gələcək əməkdaşlığın inkişaf etdirilməsi və iki qurum arasında təcrübə mübadiləsinin davam etdirilməsi istiqamətində razılıq əldə olunub.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz