Agentliyin nümayəndə heyəti İƏT-in Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin 4-cü görüşündə iştirak edib

Təbdirdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti və rəqamsallaşma sahəsində

 qabaqcıl təcrübələri ilə bağlı məlumat verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının Mərakeş şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin (OIC-PESNET) 4-cü görüşündə iştirak edib.

 

Tədbir OIC-PESNET Katibliyi, Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi və Mərakeş Krallığının Məşğulluq və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi tərəfindən təşkil olunub.

 

Əsas məqsəd İƏT-in əməyin təhlükəsizliyi və sağlamlığın qorunması üzrə şəbəkəsinin 2021-2022-ci illər üzrə İş Planı çərçivəsində həyata keçirilmiş fəaliyyətlərin nəticələri ilə tanış olmaq, 2024-2026-cı illəri əhatə edən yeni iş planını müzakirə etməkdir. 

 

Agentliyin nümayəndələri təbdirdə qurumun fəaliyyəti və görülən işlər barədə məlumat verib. Həmçinin Azərbaycanın rəqamsallaşma sahəsində qabaqcıl təcrübələrinin İƏT-ə üzv ölkələr ilə bölüşülməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Qeyd edək ki, ümumilikdə Dövlət Məşğulluq Xidmətləri Şəbəkəsinin 4-cü görüşü İƏT-ə üzv ölkələrin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti ilə bağlı müzakirələrə və bu sahə üzrə gələcək işlərin planlaşdırılmasına yönəlib.

 

Görüşdə eyni zamanda İƏT-ə üzv ölkələrin Məşğulluq Xidmətlərinin institutsional inkişafına dəstək üçün "Dövlət Məşğulluq Xidmətləri üzrə Potensialın Gücləndirilməsi Proqramı” (PES-CaB) çərçivəsində yeni İş Planının müvafiq tematik sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.