"Agentliyin əsas məqsədlərindən biri ölkəmizdə sosial sahibkarlığın inkişafıdır"

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Sosial sahibkarlıq forumu”nda çıxışı edərkən bildirib.

 

“Azərbaycan dəyər günləri” silsilə tədbirləri çərçivəsində baş tutan tədbirdə dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial sahibkarlıq haqqında qanunvericilik, innovasiyalar və s. olub. Panel müzakirələr, sessiyalar həyata keçirildiyi tədbirdə 100-ə yaxın ekosistem iştirakçısı bir araya gəlib.

 

Forumda çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin qarşısına qoyduğu əsas məqsədlərdən birinin ölkəmizdə sosial sahibkarlığın inkişafı olduğunu bildirib. Qeyd edib ki, bu məqsədlə dövlət, özəl, QHT və digər sektorların təmsil olunduğu sosial sahibkarlıq üçün işçi qrup yaradılıb və öz işini müvəffəqiyyətlə davam etdirir.

 

Forum çərçivəsində sosial sahibkarlıq, sosial sahibkarlara maliyyə dəstəyi, sosial sahibkarlıq haqqında qanunvericilik, sosial sahibkarlığın dövlət proqramına inteqrasiyası və s. mövzularda panel müzakirələri aparılıb.

 

Sonda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.