Agentlikdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib

                                        Kənd təsərrüfatı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
 

Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Muhammet Fatih Bilal Alodalı, kənd təsərrüfatı müşaviri Yener Yıldırım və digər nümayəndələr iştirak ediblər.
 

Görüş zamanı H.Abbasov Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsində özünüməşğulluq proqramı xüsusi əhəmiyyət kəsb edir.

Proqram çərçivəsində vətəndaşlara 32 biznes istiqaməti üzrə dəstək göstərildiyi, bunlardan 4-nün kənd təsərrüfatı yönümlü olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Agentliyin Türkiyə İş Qurumu (İŞKUR) ilə məşğulluq sahəsində sıx əməkdaşlıq etdiyi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirildiyi vurğulanıb.
 

Tərəflər kənd təsərrüfatı sahəsində, xüsusilə cins mal-qaranın alınması və məhsuldarlığın artırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi və mümkün tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Səfirliyin nümayəndələri Türkiyədə kənd təsərrüfatı və heyvandarlıq sahəsində tətbiq olunan müasir yanaşmalar, o cümlədən həyata keçirilən tədbirlər barədə məlumat veriblər.